Bu gün Rumıniyanın Müstəqillik günü qeyd edilir. Hər il bu tarixdə Rumıniyanın ölkəmizdəki Səfirliyi rəsmi qəbul təşkil etsə də, bu gün məlum pandemiya səbəbindən, çox təəssüf ki, dost rumın xalqının sevincini birlikdə bayram düzənində yaşaya bilmədik.
Hafta.az-ın yazdığına görə, amma Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan İanku bu müqəddəs günlərində dostları ilə online müraciətlə bayram sevincini bölüşüb. Müraciətdə deyilir: „1 dekabr tarixində biz Rumıniyanın Milli Gününü qeyd edirik: 102 il bundan əvvəl, 1918-ci ilin 1 dekabrında Rumıniya müasir dövlətinin birliyi əldə olundu. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə məlum səbəblərdən sizi bayramımızı birlikdə qeyd etməyə dəvət edə bilmirəm. Lakin bu yubiley anında sizinlə bir neçə düşüncələrimi bölüşmək istəyirəm. 2020-ci il hərəkətli və əlamətdar il oldu. Hamımızı vərdişlərimizi dəyişdirməyə, gündəlik alışqanlıqlarımızı dəyişdirməyə məcbur etdi. Biz yalnız şəxsən deyil, eyni zamanda peşəkar və institusional səviyyədə də görünməmiş çətinliklərlə üzləşdik və hələ də bu çətinliklərlə qarşı qarşıyayıq. Eyni zamanda, ətrafımızdakı dünya çox sürətlə hərəkətə davam etdi: tarix, sözün əsl mənasında, gözümüzün önündə yaranmaqdadır”.
Səfir İanku Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq əlaqələrinə də toxunub. Deyib ki, ölkələrimiz arasında ildən-ilə artan əməkdaşlıq dinamikası da bu təlatümlü zamana uyğunlaşmalı olub. Sitat: Bəziləriniz, xüsusən də bu səhifəni izləyənlər, yəqin ki, bu fərqi görür. Yenə də əməkdaşlıq davam edir, qlobal sağlamlıq böhranı səbəbilə bunun çətinlik yaratdığı hər yerdə, birgə fəaliyyət və mübadilələrin vaxtını dəyişdirmək planları hazırda da davam etməkdədir. Daha dərin səviyyədə, şəxsi və peşə həyatımızdakı gözlənilməzliyin artması fonunda davamlı tendensiyalar və reallıqlar daha da aydın görünür. Rumıniya ilə Azərbaycan arasında uzun müddətdir davam edən və çox uğurlu nailiyyət olan bu möhkəm dostluq Rumıniya – Azərbaycan dostluğunun şəxsi hekayələrinə dəfələrlə yansıyıb. Bakıya gəlməzdən əvvəl bildiyim və Azərbaycanda olduğum müddət ərzində özümün rastlaşdığım bu kimi saysız nümunələr çəkə bilərəm.
more /hafta.az/